Yardımlı rayon Mərkəzi kitabxanası

Yardımlı rayon MKS
Rayon haqqında
24 May , 2017

Yardımlının folklor dünyası

                           Tapmacalar

 

1.      Qara toyuq qarğalar

         Evdən-evə yorğalar

                            (Tüstü)

 2. Ana bir qız doğdu

     Nə əli var,nə ayağı

     Qız bir ana doğdu

    Əli də var, ayağı da

                                 (Yumurta)

  3. Tat oğlun katda gördüm

       Əcəb saatda gördüm

       Iyirmi dörd ulduzu

                                   (paqon)

                                              Söyləyəni:  Məlikova Reyhan İmaş qızı (Daşkənd kəndi)

4.  Bir damım var, içi dolu ağ

     Yarmaca

                                   (İydə)

5. Sarı saqqal, uzun hoqqar,

    Onu tapmayan olsun caqqal

                                     (Qarğıdalı)

 

                                    Söyləyəni: Cəfərova  Siyara Alı qızı (Ərus kəndi)

6.   Harabani, harabani,

      Altı qıçı var, iki dabanı

                                       (Tərəzi)

7. Suya düşər dağılar

    Sudan çıxar yığılar

                              (At quyruğudu)

 

8.  Yolla gedən bir kişi,

      Qarnına taxdım şişi

      Bir şaqqa ət verginən

      Nə erkək olsun, nə dişi          

                                         (Ana bətnindəki uşaq)

9.  Verən sənsən, alan sən

     Heç deməsən yalan sən.

     Gah bəzərsən talan sən.  

                                    (İlin fəsilləri)

                                    Söyləyəni: Əsədova Tamam Mehrəli Əli qızı (Yardımlı şəhəri)

10. Uzun-uzun üləma,

      Başından qıl dolama.

      Qalxar padşah başına,

      Ayağa gələr salama.

                                           (Namaz qılan adam)

    11.Buxarı ay , buxarı

       Buxaradan yuxarı

       Yeddi kərpic əyləşib,

       Bir-birindən yuxarı.

                                       (Bürc)

                                     Söyləyəni:Tarverdiyev Davud Səməd oğlu (Çanaxbulaq kəndi)

12.Yazda geyinər, qışda soyunar

                                                  (Ağac

13. Həm bilirəm həm bilmirəm

                                                (Öləcəyimi)

14.Gündüz ağa , gecə nökər

                                                (Yorğan, döşək)

15.Su içində od, alov

                                                 (Samavar)

 

                                                          Mehdi Əli oğlu Həsənov (Ostayır kəndi)

 

 

                    Atalar sözü və deyimlər.

 

1.El həmişə gəlib bostan qırağında düşməz.

2.Ovcumda olsa yalannam,

Bacımda olsa dilənnəm.

3.İki xan bir xalkı üstə divan kəsə bilməz.

                                         Söyləyəni: Əsədov Nəhmət Nüsrət oğlu (Vərgədüz kəndi)

4.Səksən yaşında qoca,

İndi gedir mehraca.

5.Xəşilimi yeyir,

Nənəmi söyür,

Gözün də mənə ağardır.

6.Əhmədə Əhməd düşüb,

Sənə nə zəhmət düşüb.   

                                     Söyləyəni: Astanov Hüseynağa Həsən oğlu (Çayüzü kəndi)

 

                                                 Əfsanələr

 

                               Qız qalası haqqında əfsanə

 

   Bu ellərin başçısının gözəl qızı Qız qalasında yaşayırmış, həmin qız hədsiz məhəbbətlə Oğlan qalada yaşayan bir oğlanla sevişirmiş. İki gənc oz sevgilərinə ömürlərin sonunadək sadiq qalacaqlarına and içmişdirlər. Hətta sevgilisi gizli yolla Qız qalasına su kəməri də çəkdirmişdi. Lakin düşmən eldən bu qıza vurulan var imiş. Həmin düşmən qalaya çəkilən suyu da kəsir. Qızın ümidi kəsiləndə öz sevgilisinə qovuşmaq üçün birlikdə gecəykən atları tərsə nallatdırıb qaladan qaçaraq Savalan ətəklərinə qədər gedirlər. Düşmən tayfa qızı axtarır, lakin tapa bilmir. Bir ay yetişməmiş qızdan həmin düşmənlərə namə gəlir və orada qız oğlana yazır:

  “Məni bundan sonra axtarma. Məni ərdə bil”. Deyilənə görə, Ərdəbil şəhərinin adı belə yaranıb və qızın gəlib köç saldığı yer də Ərdəbil kimi tanınmağa başlayıb.                      

                           Söylədi: Əmirova Mənzər Siyab qızı (Yolacaq kəndi)

 

                Qaranquş  əfsənəsi

    Qaranquş  bir bir adama aşiq olur. Pəncərənin önünə gəlir, bütün cəsarətini toplayır və pəncərənin şüşəsinə vurur. Tık...Tık...Tık     

Adam pəncərəyə tərəf baxır, işi çox olduğundan heç əhəmiyyət  də vermir. Qaranquş dil açıb danışmağa başlayır.

  _Ey adam, mən səni sevirəm.

 Səninlə yaşamaq istəyirəm. Səni darıxmağa qoymaram, səni incitmərəm.

             Adam hirslənir:

 _Yox, daha nələr, qaranquş da insana aşiq olarmış?

  Qaranquş çox pis olur və oradan uzaqlaşır. Sonra yenə pəncərəyə yaxınlaşır və deyir 

_Gəl, dost olaq, bir yerdə yeyərik, bir yerdə oynayarıq, sənə yaxşı dost olaram.

    Adam yenə etiraz edir. Bir az da kobud olduğuna görə kəskin cavab verir qaranquşa.

   Qaranquş gedir, amma bir azdan yenə gəlir.

      _Sonuncu dəfə gəlirəm, pəncərəni aç, içəri gəlim, cox soyuqdu. Əgər məni içəri almasan, mən isti ölkələrə getməli olacağam. Sən də təksən. Səni darıxmağa qoymaram.

     Qaranquşun bu sözü adama çox pis təsir etdi. “Təksən” dediyinə görə, ondan çox incidi və onu qovdu. Qaranquş çox pərişan halda oradan uzaqlaşdı. Qaranquş gedəndən sonra adam darıxmağa başladı. Özünə çox qınadı ki, kaş onu qovmazdım. Başım qarışdı, tək olmazdım. Özümə təsəlli üçün deyirdi ki, yaz gələndə yenə gələcək. Aylar keçdi, yaz gəldi, o, qaranquşun yolunu hələ də gözləyirdi. Pəncərəni yaz bitənə qədər açıq saxladı, amma qaranquş gəlmədi. Başqa quşlar hamısı gəlmişdi, onlardan da soruşdu, heç birinin ondan xəbəri yox idi. Çox üzüldü, çox peşman oldu. Sonra bir müdrik qocanın yanına getməyi qərara aldı. Qocaya bütün baş verənləri danışdı. Qoca isə ona belə cavab verdi:

   O daha gəlməyəcək. Qaranquşların ömrü altı aydır.  

                                   Söyləyəni: Hüseynova Nuşi Həbulla qızı(kürəkçi kəndi)

                                           

                                        Nağıllar

Sehirli alma,ağacı

 Xoruzların səsinə, həm də adət etdiyinə görə baba vaxtından əvvəl yuxudan oyandı.Gözlərini ovxalaya-ovxalaya ulduzlarla zinətlənmiş göyə tərəf boylanaraq dan ulduzunu axtarmağa başladı. Dan ulduzu hələ görünmürdü. Baba özünü günahkar sayaraq dodağının ucunda öz-özünə astadan pıçıldadı:

            Deyəsən, yenə də vaxtından tez oyanmışam. Kaş ki, bir az yatmış olaydım. Yenə öz-özünə dedi:

             Məgər yatmaq olur, o qədər vərdiş etmişəm, ki, eyni vaxtda oyanmıram. Artıq 70 ildir ömürdən, günümdən günlər sel kimi axıb gedir.

            Baba dərindən köksünü ötürərək gileylərini yenə davam etdi:

             Mən boynuma almasam da, çağırmasam da, qocalıq qapını döymüşdür.

            Elə bu vaxt “Hamar meşə”nin yüksəkliyindən dan ulduzu yavaş-yavaş somada göründü. Onun gur işığı yanındakı ulduzların işığını közərtdi.

            Baba yatağından qalxıb. paltarlarını geyindi. Su qabını sərin su ilə doldurdu.

            Dəstəmaz ala-ala bir neçə dəfə salavat dedi. Sonra sübh namazını qıldı. Ağır addımlarla həyətə düşərək tövləyə yaxınlaşdı və qapını aşdı. Kəhər atını həyətə çəkib tut ağacına bağladı. Onu oxşaya-oxşaya çulladı. Sonra qayıdıb yavaşca astadan qarısını səslədi:

          Bibi qızı, ay bibi qızı...

         İki dəfə çağırmışdı ki, qarı yerindən qalxa-qalxa:

         Gəlirəm, gəlirəm, deyib cavab verdi.

         Qarı tez süfrəni hazır elədi. Baba səhər yeməyini yedi. Sonra baltanı, sicimi, şivişi atın üstünə asdı. Atı minərək meşəyə sarı yollandı. Qonşu kəndin yanından keçəndə hava təmiz işıqlandı. Günəş dağın arxasından qızıl sini kimi görünməyə başladı. Bir neçə dəqiqədən sonra nuru qərq olunmuş şüaları ilə isti nəfəsini ətrafa yaydı.

   Baba otların üstündəki şehlərin neçə-neçə rəngə çaldığını sanki birinci dəfə idi. Ki, seyr edirdi. Otların, çiçəklərin üstündəki şeh damlaları qızıl sırğanı xatırladırdı. Qaratoyuq koldan-koldan yerini dəyişə-dəyişə çöl quşlarına və çöl heyvanlarına öz nəğməsi ilə gündüzün gəlişini bildirirdi. Çəpgöz, hacaqulaq dovşan yolun üstündəki koldan çıxıb atın ayaqlarını arasında yolun altına sıçradı. At qulaqlarını şəkləyib dovşanın ardınca baxdı. Baba ayaqlarını döyəcləyə-döyəcləyə meşənin dərinliyinə doğru  getdi. Odun doğradığı yerə çatdı. Atdan düşüb, atı kiçik bir ağaca bağladı. Balta ilə ağacların quru budaqlarından quruyaraq atın yükünü düzəltdi. Azca dincəldi. Günəşli hava olmasına baxmayaraq, hava sərin idi. Baba odunu atın üstünə yükləyib evə tərəf qayıtmağa üz tutdu.       

 Babanın nəvəsi Elşən yuxudan ayılanda günəş lap yüksəkliyə qalxmışdı. Gülnisə nənə nəvəsini qıçı gödək şalvar geyindirdi. Yemək verildikdən sonra həyətə düşürtdü. Beş yaşlı Elşən babasını  çox sevirdi. Babası evdə olmayanda çox darıxırdı. O babasını baxçada axtarmağa başladı, çünki babası evdə deyildi. Amma onu baxçada da tapa bilmədi. Babasını səslədi.

         Baba, baba, ay baba!

         Səsə Gülnisə eyvana çıxıb nəvəsini çağırıb dedi:

        Bala baban meşəyə gedib, harda olsa indi gələr.

         Elşən mızıldaya-mızıldaya ağlamsındı. Sonra ağacda düzəltdiyi atın minib həyətdə o başa, bu başa çapmağa başladı. Bir az keçmişdir ki, baba kəndin kənərındakı təpədə göründü. Elşən babasını dərhal tanıdı. Sevincidən atılıb düşə-düşə qıqırdı:

       Babam gəlir, babam gəlir! Ay can, ay can, babam gəlir.

       Elşən babasını tərəf yüyürdü. Kəndin girəcəyində babasını qarşıladı.

       Baba nəvəsini öpə-öpə əzizləməyə başladı:  

Ay mənim göyçək balam, ay mənim dəcəl balam, ay mənim ağıllı balam.

       Baba nəvəsini qucağına götürərək həyətə gətirdi. Atın yükünü açıb sahmana salırdı. Gördü ki, nəvəsi torbanı axtarır. Nəsə su qabından başqa heç nə tapa bilmirdi. Ona görə də üzünü babasının sarı çevirərək soruşdu.

          Babacan, ay babacan!

          Gözlərinə heyran. Nə deyirsən?

          Meşədən mənim üçün nə gətirmisən?

          Heç nə. Ancaq odun qırdım.

          Baba, bəs meşədə meyvə ağacı yoxdur?

       Baba nəvəsinin başını sığallaya-sığallaya sözünə davam etdi.

        Əlbətdəki var. Saymaqla qurtaran deyil. Ay mənim gözəl balam. Sabah sənə almgətirərəm. Sonra öz-özünə dilləndi:

      Deyəsən, uşaq şəhərdə meyvə yeyirmiş. İndi də yadına meyvə düşüb.

      Elşən sevinə-sevinə xırmanda oynayan uşaqların yanına qaçdı. Baba isə qarısını səslədi.

                         Gülnisə, ay gülnisə.

                          Gəldim, a kişi.

Baba ona  yaxınlaşan Gülnisə qarı ilə nə barədəsə pıçıldaşırdı. Sonra da möhkəm-möhkəm tapşırdı ki, bunu Elşən bilməsin. Ertəsi gün baba meşədən qayıdanda Elşəni səslədi:

   Elşən, Elşən

  Səsdən Elşən babasını tanıdı və dilləndi:

   Elşən sevinə-sevinə babasına tərəf yüyürdü. Baba nəvəsini qucağına alıb onu əzizlədi. Torbanın içindən almanı çıxarıb ona verdi və dedi:

    Əziz balam, mən hər gün sənə bir dənə alma gətirəcəyəm.

    Neynək baba, sağ ol, çox sağ ol.

     Elşən almanı yeyə-yeyə sevincindən atılıb düşürdü. Hər gün nəvə babasının yolunu səbirsizliklə gözləyirdi. Baba da dediyinə əməl edərək ona hər gün bir alma gətirirdi. Günlər bir-birini əvəz edirdi. Artıq yay fəsli öz yerini payız fəslinə vermək üçün idi. Bir gün baba nəvəsinə yenə alma verəndə nəvə dilləndi:

    Babaca, ay babacan!

    Can bala, nə deyirsən?

    Elə həmişə sən mənim üçün bir dənə alma gətirisən. Olmaz ki, çox gətirərsən?

       Bala, meşədə gördüyüm alma ağacı gündə bir dənə gətirir.

       Yox, baba, alma ağacında alma çox olur.

      Əziz balam, mən dediyim alma ağacı isə sehirlidir.

      Onda sabah məni də meşəyə apar. Mən də sehirli alma ağacını görmək istəyirəm.

      Səni apara bilmərəm.

      Yox, yox, baba, apar. Axı nə üçün aparmırsan?

      əgər səni o alma ağacının yanına aparsam, bir daha o ağac meyvə gətirməz

      yaxşı, baba, elə bir alma bəsimdir.

           Elşən şəhərə qayıdana kimi babası hər gün ona bir alma verirdi. Onun şəhərə getməsinə bir gün qalmış nənə paltarları və xurcunu həyətdə yuyurdu. Nəvə də ondan bir az aralı oyuncaqları ilə oynayırdı. Nənə xurcunu yuyarkən astarını çölə çevirdi. Bu vaxt xurcundan bir alma, bir neçə dənə alma yarpağı yerə düşdü. Alma Elşənə sarı diyirləndi. O, sevinə-sevinə almanı götürdü. Lakin birdən yerindəcə donub qaldı. İndi ona məlum olub, hər şey aydın oldu ki, “Sehirli alma ağacı” harda imiş.  

           

Söyləyəni: Ağayev Mirzəbala Bəhmən oğlu ( Sırıq kəndi)                              

 

                                      Mifoloji rəvayətlər

1.    Cavanlığın dərmanı

 

  Keçmiş əyyamlarda Qaravuldaş kəndində Bəhlul adlı bir kişi yaşayırmış. Bir gün Bəhlul evdə süfrə arxasında oturub nahar elədiyi zaman Savalan tərəflərdən bir nəfər onlara gəlib çıxır. Ev sahibi qonağı nə qədər təama buyursa da, oturmur. Bəhluldan ancaq üç günlük evlərində qalması üçün möhlət istəyir.

    Üç gün gecə-gündüz kişi evdən bayıra çıxmır. Hər gün yuyunub pak olur. İbadətlə məşğul olur. Çoxlu dualar zikr eləyir. Üç gün müddətində nə yeyib-içirsə, bütün xərcini Bəhlul ödəyir.

    Bəhlulun evdə 14-15 yaşlı yeniyetmə bir qızı da var imiş. Qız evin çardağından qonağın bütün hərəkətlərinə xəlvətcə göz qoymaqla məşğul imiş.

     Üçüncü günün  tamamında qonaq Bəhluldan xahiş edir ki, onu Arvana dağında bir yer var, adına Çobanlar yaylağı deyirlər, ora aparsın. Gecə yarısı Bəhlul qonağını da götürüb həramilər obasına, oradan da Çobanlar yaylağına qalxır. Qarabaqara onların arxasınca gələn Bəhlulun qızı Gülsəhər də çiçəkli dağlara yollanır. Gəl ki, gələsən, yolçular, nəhayət, gəlib uca bir dağın zirvəsinə çataraq dayandılar. Kişi zülmət uyuyan dağların qoynundakı yerlərə nəzər salır. Bir az aşağılarda işıq topası görüb tez Bəhluldan aralanaraq ora yaxınlaşır. Görür ki, bu işıq saçan əlvan dağ çiçəkləridir. Sevinir ki, axtardığını tapıb. Əlindəki mıxı tez nişangah kimi həmin çiçəyin ətrafına çalır.

    Qayıdıb dağın başından onu gözləyən Bəhlulu tapır. Ona çıxarıb qızıl verir ki, yubanmadan kəndə dönsün, haqqı ilə bir çəpiş alıb geri qayıtsın.

     Bəhlul çəpişi tapıb Çiçəkli dağa qalxanda artıq dan yeri qızarır. Kişi dağın zirvəsində Bəhluldan çəpişi alaraq bayaq nişanladığı səmtə aparır. Çəpişi həm mıxa, həm də bitkinin gövdəsinə bağlayır. Özü kənarda durub başlayır dua oxumağa. Birdən çəpiş sürətlə sıçrayıb kənara qaçmaq istəyir. Güc gəlib mıxı da, gülü də gövdəqarışıq yerindən qoparır.  Kişi tez özünü irəli verir. Görür çəpişin qorxudan bağrı çatlayıb. Arxadakı çiçəyin də kökü çox uzun və yoğun, həm də insan şəklindədir. Kişi gülün kökündən azca qoparıb yeyir. Heybəsini boynundan çıxarıb bitkini kökü qarışıq ora yerləşdirir. Sən demə, xəlvətcə qonağını izləyən Bəhlul da tez özünü yetirib bitkidən azca dadır. Kişi dönüb olur cavan bir oğlan, yedikcə hər ikisi cavanlaşır. Kişi görür Bəhlul da artıq bu sirri öyrənib.Heç nə demir.

    Onların bütün hərəkətlərinə göz qoyan Gülsəhər qalır mal-məəttəl. Görür bayaqkı kişilərdən əsər-əlamət yoxdur. Əvəzində iki cavan, bığ yeri təzəcə tərləyən gənc qoşulub bir-birinə hara isə gedir. Qız istəyir atasını çağırsın. Səsi çıxmır. Evə gəlir. Görür atası nə gəzir. Əhvalatı anasına da söyləyir. Anası da ona qoşulub çiçəkli dağa qalxırlar.

   Deyirlər, o vaxtdan Arvana tərəflərdə hər gün gecə yarı uca dağ başında iki qadın görünür. Onlar dan yeri qızarana qədər burada oturub çobanlar yaylağına baxırlar ki, bəlkə cavanlığın dərmanı  olan dağ çiçəyini tapa bildilər.

                                                   Söyləyəni: Amanova Atlaz Niyazəli qızı (Arvana kəndi)

 

                                            Pərilərin toyu.

 

     Bayram kişi Qanlı dərədən keçəndə baxdı ki,bir toydur,bir büsatdır ki,gəl görəsən.Sazəndələr çalıb oxuyur,qızlar-gəlinlər əl-qol açıb ahəstə-ahəstə süzürlər.Xülasə,Bayram kişi öz ayağı ilə elə bir cah-cəlallı toya gəlib çıxır ki,daha onu tərifləməklə başa gələn deyil.

     Yer-yerdən gözəl qızlar əllərində mey dolu camla onun qabağına qaçıb deyirdilər:-Oho, xoş gördük,Bayram bəy,xoş gördük.Buyur bura,bax mənimlə  əylənəcəksən,ha!

     Onu çəkə-çəkə mağarın baş tərəfinə apardılar.Gətirib qarşısına bir sini plovla şərab qoydular.Tapşırdılar ki,yemək yeyəndə bircə söz var ha,məbadə onu dilinə gətirəsən.Bayram kişi gördü ki,arvadi da bunların içində rəqs eləyir,təzə güllü abı köynəyi də əynində.Fikirləşdi ki,nə toy,nə büsat.Yəqin pərilər yığıncağına düşüb.

      Sinini irəli çəkib bir əli iləona yapışdı,bir əlini dəyağa batırıb tez yanında oturmuş arvadının abı köynəyinin üstünə basdı və bərkdən “Bismillah” dedi.

      Sözağzından çıxar-çıxmaz pərilər gözdən itib dağıldılar.Gördü ki,əlindəki adi odun parçasıdır,üstündə də bir az toz-torpaq qalağı.

      Bayram kişi ordan bir baş evə gəldi.Gördü arvadı çoxdan yuxu tutub yatıbdır.Tez onu oyadaraq dedi:

        -Ay arvad,bəs Qanlı dərədən nə tez qayıtdın.Özü də göz dəyməsin,yaman oynayırdın ha!

        Arvad and aman elədi ki,nə toy,nə Qanlı dərə.Heç hara getməmişəm.Elə axşamdan yatdığımdır.

        Kişi dedi ki,onda abı köynəyini gətirsin baxaq.Arvad gözüyuxulu durub o biri otaqdakı sandıqdan abı güllü köynəyini çıxarıb gətirdi.Ər-arvad diqqətlə baxanda gördülər yağlı barmaqların izi köynəkdə aydın görünür.  

                                                       Söyləyəni:Bilal Hüseynov (Alar kəndi)